“omrum.az"in məlumatına görə, T.Sadıqovun meyiti onun qonşusu, rayonun Aşağı Salahlı kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədrzayev Xaliq Məmmədrza oğlunun yaşadığı evin həyətindəki quyudan tapılıb.
Araşdırmalarla X.Məmmədrzayevin martın 20-də aralarında yaranmış mübahisə zamanı T.Sadıqovu odlu silahdan açdığı atəşlə öldürüb quyuya atmasına dair əsaslı şübhələr müəyyənləşdirilib. X.Məmmədrzayev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və ondan cinayət aləti olan 1 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkarlanıb. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
***
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti də məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluq tərəfindən həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub:
“Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun bu il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.
T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam etdirilir”.