
“omrum.az” xəbər verir ki, məhkəmə Z.İsmayılovun tələbini qismən təmin edib və Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi yenidən apellyasiya instansiyasına qaytarıb.
Zaur İsmayılovun vəkili kassasiya şikayətini əsaslandıraraq qeyd edib ki, Zaurla İsa 2016-cı ildən bir-birini tanıyır. Aralarında vaxtilə səmimi münasibət, ailəvi dostluq olub. Birlikdə əmlak alaraq, gələcəkdə baha qiymətə satmaq niyyətləri olub. Buna görə Zaur İsaya ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib. Həmçinin, İsa əmlak alqı-satqısı vasitəçisi olaraq Zaurun əmlakının satılma prosesində də iştirak edib. Zaurun əmlakını öz qohumuna satdığı üçün əmlakın pulunu 200 min manat vəsaiti Zaurdan alaraq iş görmək adı ilə özündə saxlayıb. Beləliklə, müxtəlif vasitələrlə Zaurun 500 min manata yaxın pulunu ələ keçirib. Zaur 2022-ci ilin sonlarında aldadıldığını bildiyi üçün İsadan pullarını tələb etməyə başlayıb. Buna görə 2023-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinə şikayət edərək İsa tərəfindən aldadıldığını və pulunun ələ keçirildiyini bildirib. İsa da bundan sonra 5 ildir özündə saxladığı qəbzləri ortalığa çıxararaq Zaura 81 min manat banka depozitə qoymaq üçün pul verdiyini iddia etməyə başlayıb.
Qeyd edək ki, Şəki Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla bağlı qərar qəbul etmişdi.
Xatırladaq ki, banklardan birinin xəzinədarı olan Z.İsmayılov həmyerlisi İsa Abdullayevin şikayəti əsasında həbs edilmişdi.