“omrum.az” xəbər verir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Nuranə Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, təxminən 30 dəqiqə sonra həyatını itirib.
Həmin vaxt onun bətnindəki körpə də vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova hamiləlik dövründə daim Mərkəzi Xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başladılıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) fevralın 25-i saat 10:30 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.
Həkim-mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb.
Təxminən saat 15:10 radələrində hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma), həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb.
Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib.
Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit təşrih olunmaq üçün təhvil verilib. Ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək.