Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.13.2025 | 07:30 | Baxılıb: 2143
İspaniyada ifrat sağçı “Vox” Partiyasının üzvü Virciniya Martinez partiyasının ictimai yerlərdə üzü tam örtən İslam geyimlərini qadağan etmək təklifini dəstəkləmək üçün parlamentə niqaba bənzəyən geyimdə gəlib.

“omrum.az” xəbər verir ki, onun bu hərəkəti parlamentdə qarışıqlığa səbəb olub.

Martinez “Vox”un ictimai yerlərdə örtülü geyimləri qadağan edən qanun layihəsinin müzakirə olunduğu sessiyaya gələrkən bu geyimi xüsusi olaraq seçib. Onun parlamentə üzünü və bədənini tamamilə örtən bir geyimdə gəlməsi digər millət vəkillərinin təəccüblü baxışlarına səbəb olub. 

Mursiya Regional Parlamentinin sədri Miryam Fuertes Martinezin örtük geyinərkən danışmasına icazə verməyib.

“Sənin belə danışmağına icazə verməyəcəyəm, xahiş edirəm, paltarını dəyiş”, o, millət vəkilinə xəbərdarlıq edib.

“Parlament mənə bu geyimdə danışmağı qadağan edir. Əgər bu paltarlar regional suverenliyin mərkəzində geyilə bilməzsə, bölgənin ictimai yerlərində də geyinilməməlidir”, - Martinez cavab verib.

Hökumət sözçüsü Markos Ortuno bu hərəkəti sərt şəkildə tənqid edərək, parlamentin şou yeri olmadığını söyləyib.

Martinez daha sonra örtüyünü çıxararaq çıxış edib, bu geyimlərin “heç bir qadın üçün azadlıq demək olmadığını” və qadınların “parça həbsxanalarına məhkum edildiyini” iddia edib.

“Vox”un bu geyimləri qadağan etmək təklifi digər partiyalar tərəfindən rədd edilib. Lakin Martinezin hərəkəti sosial mediada qısa müddətdə geniş yayılıb və gündəmə çevrilib.

Qeyd edək ki, oxşar etiraz ötən ay Avstraliyada da baş vermiş, senator niqaba bənzəyən geyimdə parlament iclasına daxil olmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.