“omrum.az” xəbər verir ki, bunu Teleqraf-a tanınmış jurnalist Elçin Şıxlı Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.
O, Şahin Şıxlinskinin dəfələrlə Ulu Öndər Heydər Əliyevin qəbulunda olduğunu bildirib: “Onun Yekaterinburq vilayətinin qubernatoru ilə gözəl əlaqələri var idi. Yəni, o, olduğu bölgədə tanınmış, nüfuzlu adamdır. Bu baxımdan Şahinin hansısa kriminal hadisəyə görə saxlanılması biabırçılıqdır. İyunun 27-si Yekaterinburqda həbs edilən bir neçə soydaşımızın hüquqlarını məhkəmədə Şahin və oğlu Mutvali Şıxlinski (o da vəkildir - red.) qoruyub, onların bəzisinin həbsdən azad edilməsinə nail olublar”.
E. Şıxlı bildirib ki, Ş. Şıxlinskinin bu şəkildə həbsi gözlənilmirdi: “Amma görünür, Rusiya rəhbərliyi başını itirib. Baş verənlər Rusiya ilə diplomatik əlaqələrimizi ciddi şəkildə zədələyəcək”.