Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 14:03 | Baxılıb: 1747
“Qəzzada uzun müddət ərzində baş verən proseslər çox ciddi narahatlıq mənbəyidir. Bu müstəvidə ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən 20 maddədən ibarət sülh planını çox müsbət qarşıladıq. Bilirsiniz ki, Azərbaycan Prezidenti Şarm əl-Şeyxdə sülh sammitində iştirak etdi və bununla biz həmin plana öz dəstəyimizi bir daha ifadə etdik”.

“omrum.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçı ilə birgə mətbuat konfransında Azərbaycan qüvvələrinin Qəzzada yaradılması planlaşdırılan sabitlik qüvvələrində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

C. Bayramov qeyd edib ki, daha sonra BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi oldu və ölkəmiz buna da öz dəstəyini verib: “Azərbaycan beynəlxalq sabitləşdirici qüvvələrə dəvət almışdı. Biz oraya dəvət edilən ilk ölkələrdən olmuşuq. ABŞ tərəfindən bizə belə bir dəvət daxil olanda, əsas izahat ondan ibarət idi ki, Azərbaycan çox unikal vəziyyətdədir. Çünki Azərbaycan nadir ölkələrdəndir ki, bütün region ölkələri ilə yaxşı münasibətlərə sahibdir. Azərbaycan çox əhəmiyyətli və məsuliyyətli beynəlxalq aktordur. Ölkəmizi orada görmək niyyəti də məhz bundan ibarət idi. 

Bu məsələdə bizim üçün sual doğuran, narahat edən məqamlar var və bizi maraqlandıran bu məqamlarla bağlı sorğularımızı ünvanladıq. Tam təhlil aparıb hər hansı qərarın qəbul edilməsi üçün onlar barədə məlumatların dolğun olması zəruridir. Orada mandatla, eyni zamanda həmin qüvvələrdə iştirak edən digər ölkələr, say və funksiyanın nələrdən ibarət olacağı barədə suallar var.  Tərəfimizdən qaldırılan bir çox sualların cavabları yoxdur və açıq məqamlar var. Buna görə hazırkı məqamda Azərbaycanın Qəzzadakı sülhməramlı qüvvələrin tərkibində iştirakı ilə bağlı qərar yoxdur”.

Araqçı isə öz növbəsində vurğulayıb ki, ölkəsi Qəzzada fələstinlilərə qarşı törədilən qırğının qarşısının alınmasına qarşı istənilən addımı alqışlayır: “Heç bir plan Fələstin xalqını öz suveren hüququndan məhrum etməməlidir. Onlar öz ərazilərinə hakim olmalıdırlar”.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.