
“omrum.az” “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, yaşayış kompleksinin yenidənqurulması ilə məşğul olan şirkətə hadisədən bir həftə əvvəl təhlükəsizlik riskləri barədə xəbərdarlıq edilibmiş.
Honkonq Əmək Departamentindən bildirilib ki, 2025-ci ilin iyul ayından bəri kompleksdə 16 yoxlama aparılıb, bunlardan ən sonuncusu noyabrın 20-də olub. Monitorinq zamanı inşaat taxtabəndlərinin təhlükəsizlik standartlarına uyğunluğu da yoxlanılıb.
“Bir həftədən az müddət əvvəl podratçıya müvafiq yanğın təhlükəsizliyi tədbirlərinin görülməsinin zəruriliyi xatırladılıb”, - materialda deyilir.
Yaşayış kompleksinin təhlükəsizlik xidmətinin keçmiş rəisi fəhlələrin yaşayış kompleksinin ictimai yerlərində, o cümlədən taxtabəndlərin üzərində siqaret çəkdiklərini gördüyünü bildirib. O əlavə edib ki, işçilərin yanğın çıxışlarından binaya asanlıqla daxil olub və çıxmaları üçün yanğın təhlükəsizliyi sistemi daim söndürülmüş vəziyyətdə olub.
Faktla bağlı üç nəfər - binanın təmirini həyata keçirən podratçı şirkətin iki direktoru və bir məsləhətçisi ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə həbs edilib. İddia olunur ki, onlar standartlara uyğun olmayan materiallardan hazırlanmış torlardan istifadə edib və pəncərələri penoplastla bağlayıblar ki, bu da faciəyə səbəb olub. Belə ki, yanğın təhlükəsi yüksək olan bu maddələr alovun sürətlə yayılmasına səbəb olub.