Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Müxalifət” adlı hibrid təhdid alətləri Azərbaycanın gələcəyini satmağa hazırdır”
 
						“Müxalifət” adlı hibrid təhdid alətləri Azərbaycanın gələcəyini satmağa hazırdır”
Əlavə olunub: 08.22.2025 | 16:01 | Baxılıb: 1033
“Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfəri çərçivəsində oraya köçən sakinlərlə görüşündə bir sıra məsələlərlə bağlı mühüm fikirlər səsləndirib. Dövlət başçısı 90-cı illərin əvvəllərində baş verən faciələrdən danışarkən ovaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanətkar siyasətləri nəticəsində xalqımızın başına gələn müsibətləri, dövlətçiliyimizin əsaslarını sarsıdan məsələləri bizə bir daha xatırladıb”.

“omrum.az” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov bildirib.

Deputat qeyd edib ki, doğma torpaqlarımızı qoruya bilməyən və ya bunu etmək istəməyən mənfur cütlüyün üzvləri 30 ildən sonra da bu siyasətlərinə sadiq qalaraq öz xəyanətlərini başqa formada, artıq hibrid təhdid aləti qismində davam etdirirlər:

“Əgər hakimiyyətdə olduqları dövrdə əllərində “satmaq” üçün bir çox resurslar var idisə, indi onlar özlərini “müxalifət” adlandıraraq müxtəlif dairələrə Azərbaycanın gələcəyini vəd edirlər.

Avqustun 8-də Ermənistanla əldə edilmiş tarixi razılaşma ərəfəsində və ondan sonrakı dövrdə bu şəxslər aktiv şəkildə 4-5-ci kateqoriyalı anti-Azərbaycan media orqanlarına şablon tezislərlə dolu müsahibələr verməyə başlayıblar. Müsahibələrində insanları çaşdırmağa, Azərbaycan haqqında yalnız mənfi rəy yaratmağa hesablanan bu anti-milli fəaliyyətlər hibrid təhdidlərin dezinformasiya və informasiya manipulyasiyası növlərinə aiddir.

Xarici dairələrin tapşırıqlarına uyğun olaraq, artıq beynəlxalq ictimaiyyətin də qəbul etdiyi reallıq, regionda baş verən hadisələr, Azərbaycanın daxili və xarici siyasəti təhrif edilmiş şəkildə təkrar-təkrar təqdim olunur. Əgər 30 illik işğal dövründə onların əsas missiyası dövlətimizin milli maraqlara söykənən siyasətini gözdən salmaqdan ibarət idisə, sonrakı mərhələdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi Zəfərimizə kölgə salmaq, bizi məğlub xalq kimi təqdim etməkdir”.

R.Namazovun sözlərinə görə, onlar artıq qələbə faktını və hazırkı reallığı inkar edə bilməsələr də, hər vəchlə bu Zəfərimizi başqa faktorlarla, o cümlədən dünyada baş verən geosiyasi proseslərlə ələqələndirirlər:

“Həmin müsahibələrə nəzər saldıqda bunun şəxsiyyət vəsiqəsində Azərbaycan vətəndaşı yazılan kəslər tərəfindən edildiyi təəccüb doğurmasa da, təəssüf doğurur.

Məsələnin maraqlı tərəfi isə ondadır ki, əgər bunların xarici media orqanlarına çıxışları var idisə, hansı səbəbə bu imkanlardan nə 2020-ci ildə Vətən müharibəsi zamanı, nə də 2023-cü il sentyabr antiterror əməliyyatı zamanı istifadə etmirdilər?! Əksinə 2020-2023-cü illər aralığında bunlar sosial media profillərində Azərbaycanı Ermənistanın ərazilərini işğal etməkdə günahlandıraraq özlərinin xəyanətkar mahiyyətlərini bir daha ortaya qoyur, “tarixi missiya”larını “uğurla” icra edirdilər.

Düşünürəm ki, müzəffər xalqımızın qürurunu və inamını zədələməyə yönələn bu addımlar və cəmiyyəti parçalamaq istəyən qüvvələrə dəstək verən bu cür şəxslər hər birimiz tərəfindən şiddətlə qınanmalıdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.