Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
O qurban kəsiləcək?..
 
						O qurban kəsiləcək?..
Əlavə olunub: 08.07.2025 | 19:51 | Baxılıb: 23939
Azərbaycan Qarabağ probleminin həlli üçün 2020-ci ilədək böyük səbir nümayiş etdirib. Bu dövrdə Azərbaycan və Ermənistan rəhbərlikləri arasında baş tutan bütün görüşlərdə sülh tərəfdarı olduğumuzu açıq-aşkar bildirmişik. Bu, Ümummilli lider Heydər Əliyevin dönəmində də belə olub, hazırkı Prezident İlham Əliyevin rəhbərliyi zamanında da. Amma ya zəlzələdən, ya da vəlvələdən bizim bu istəyimiz gerçəkləşməyib.

Çünki masaya yatırılan təkliflərin, ortaya atılan şərtlərin heç biri bizim üçün qaneedici olmayıb. Və biz də sonda Qarabağı Vətən müharibəsində azad etdik.

İndi Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığı qədər çox yaxındır. Prezident İlham Əliyev ABŞ lideri Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Sülh müqaviləsi ilə bağlı məsələ müzakirə olunsa, bu dəfə vəziyyət fərqlidir - Azərbaycan masaya qalib ölkə kimi əyləşəcək.

Bu məqamda isə Prezident İlham Əliyevin qətiyyətinin nəticəsini bir daha xatırlatmaqda fayda var. O, hələ ölkə Prezidenti olmamışdan öncə də Qarabağ münaqişəsinin müzakirəsində çox böyük rol oynayıb.

“omrum.az” xatırladır ki, 1999-cu ildən başlayaraq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın və Ermənistanın o zamankı prezidentləri Heydər Əliyevlə Robert Köçəryan arasında 23 görüş keçirilib. Bu görüşlərdən ikisi Sədərəkdə baş tutub. 

Sədərəkdə baş tutan ilk görüşdə İlham Əliyev də iştirak edib.

Heydər Əliyev görüş yerinə daha öncədən gələn Köçəryanı bir qədər gözlətməli olur. Görüşə gecikən Ümummilli lider isə üzrxahlığını bildirir və Sədərəkdə çoxdan olmadığını, keçdiyi hər kənddə məcburi dayanmalı, onun ayağının altında qurban kəsən əhali ilə görüşməli olduğunu bildirir. Köçəryan isə Heydər Əliyevdən burada da qurban kəsilib-kəsilməyəcəyini soruşur. Ulu öndər isə cavabında bunun yalnız Qarabağ konfliktinin həll olunduğu gün baş verəcəyini bildirir.

Maraqlıdır ki, həmin görüşdə Ermənistanın işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxması barədə razılıq əldə olunur. Ermənistanın o vaxtkı rəhbərliyi Rusiyadan icazə almadan bu qərarı qəbul etmək istəklərini ortaya qoyurlar. Lakin görüşdən cəmi 16 gün sonra - 27 oktyabrda Ermənistan parlamentində terakt baş tutur və Qarabağ razılaşması ləğv edilir. Sözügedən teraktın arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığı barədə erməni analitiklər ciddi ittihamlar irəli sürürlər.

2001-ci ildə isə Heydər Əliyevlə Robert Köçəryan arasında növbəti görüş ABŞ-nin Florida ştatının Ki-Vest şəhərində gerçəkləşib. Amerikanın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə baş tutan görüşdə Azərbaycan ATƏT-in Minsk qrupunun “ümumi dövlət” təklifini qəbul etmir. Heydər Əliyev elə görüşdəcə bildirir ki, heç bir beynəlxalq hüquqi bazası olmayan “ümumi dövlət” məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabərhüquqlu “ümumi dövlət” subyekti verir. Bu təklif beynəlxalq prinsip və normalarına tamamilə ziddir, Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir.

Yəni Ki-Vest görüşündə Azərbaycana Zəngəzur dəhlizi təklif edilmişdi, əvəzində isə biz Qarabağdan, Laçın dəhlizindən əl çəkməliydik...

Bu görüşlə bağlı Robert Köçəryanın “Həyat və azadlıq” kitabında da qeydlər var. O, Heydər Əliyevdən nəyə görə bu təklifdən imtina etdiyini soruşur. Heydər Əliyev isə cavabında bildirir: “Mən bura gələndə ailə üzvlərimlə söhbət elədim. Xüsusən oğlum İlham Əliyev etiraz etdi ki, biz heç vaxt belə planla razılaşa bilmərik”.

Tarixi faktlar göstərir ki, həm Heydər Əliyev, həm də İlham Əliyev Qarabağ probleminin Azərbaycanın istəyi olan ədalətli şəkildə həll olunmasına çalışıb. Amma ədalət də çox gec qalmışdı.

İlham Əliyevin də dediyi kimi: 

“Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmayıb”. 

Emin Səfərov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.